1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. Yarışda ölkənin bütün regionlarından 100-ə yaxın atlet iştirak edib.
Yarışda muxtar respublikanı Naxçıvan Atletika Federasiyasının məşqçisi Şəfi Hüseynovun rəhbərliyi altında 3 idmançı təmsil edib. Onlardan ikisi yaşının az olmasına rəğmən ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülcahan Əliyeva birdən qaldırmada 52 kq, təkanla qaldırmada isə 65 kq çəkinin öhdəsindən gəlib. Ümumilikdə 117 kq nəticəyə nail olan idmançımız öz çəkisində (55 kq) birinci olub.
Digər təmsilçimiz Həsən Babayev isə 89 kq çəki dərəcəsi üzrə qalib olub. 15 yaşlı atletimiz bu uğura 232 kq (104+128) nəticə ilə nail olub. İdmançılarımız diplom və medalla təltif olunublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti